“Qəhrəmanlara ehtiyacı olan xalq bədbəxtdir”

Bu sözü çox uzun müddət bundan əvvəl eşitmişəm. Etiraf edim ki, ilk eşidəndə mənasını, müəllifin nə demək istədiyini anlamamışdım. Hətta yanlış anlayıb, razılaşmamışdım bu fikirlə. Niyə axı? Xalqın qəhrəmanının olmasının nəyi pisdi? Amma, mən narahat edən əsas sual başqa idi. Müəllif niyə məhz bu fikirdədi? Ona görə də həmişə bu cümləni düşünür, onun niyə belə dediyini anlamağa çalışırdım. Müəllifdən soruşmaq şansım yox idi, deməli özüm cavab verməli idim öz sualıma.
Sualıma Azərbaycan xalqını müşahidə etməklə cavab axtarırdım. Artıq bir cavab tapmışam buna. Gün keçdikcə də tapdığım cavabla necə deyərlər lap təpəsindən vurduğuma əmin oluram.
Müəllif haqlıdır. Hansı xalq qəhramana ehtiyac duyursa, həmin xalq bədbəxtdir. Elə biz də qəhrəman gözləyən həmin bədbəxt xalqlardan biriyik. Kənara çəkilib bütün yükümüzü, dərdimizi, problemimizi bir nəfərin üstünə atmaq bizə hər şeydən daha çox rahatdı.”Sən irəli dur, çalış, vuruş, lazım olanda döyül, söyül, hər şeyini alsınlar əlindən, ən iyrənc formada təhqir etsinlər. Mən xalqam, baxacam, əgər kefimə düşsə səni başıma tac edəcəm. Qəhrəmanım olacaqsan. Ağlına gəlməyən sayda şeir yazacam sənə. Tək şeir? Əlbəttə ki, yox! Əsər, mahnı, film… İncəsənətin bütün sahələrində səninçün yer ayıracam. Təki MƏNİM problemimi SƏN həll et. Təki məni bu yükdən SƏN xilas elə”.
Beləcə, bu prinsiplə hamımız bir-birimizdə həmin o qəhrəman işığını axtarırıq. Çox rahat deyinirik, hər şeyi bir birimizin üstünə atırıq. Halbuki başa düşmək istəmirik ki, hər şey öz üstümüzdədi. Başqasını ittiham edib ondan azərbaycansayağı qəhrəmanlıq tələb edirik. Heç birimiz soruşmuruq ki, bəs mən özüm? Bax bu sualı verib bir az da olsa problemlərin həllinə cəhd etsək, onda gözlədiyimiz o qəhramana ehtiyac olmadığını dərk edərik. Onda anlayarıq ki, o qəhrəman elə biz özümüzük, hamımız bir yerdə. Mən milləti inqilaba səsləmirəm. Sadəcə, mən insanlarda yaxşı mənada dəyişikliyə, bu iyrənc təfəkkürdən xilas olmağa iynə ucu qədər də olsa istək və cəhd axtarıram. Ən adi növbəyə düzülmək mədəniyyətindən tutmuş, ta ki, korrupsiyaya qədər.

2 thoughts on ““Qəhrəmanlara ehtiyacı olan xalq bədbəxtdir”

  1. Qeribedir ki, sen bunu ilk defede anlamadin… Her wey olduqca aydindi))) Mence de haqlidi muellif. Xalq oz problemini birlikde hell etmelidi, eger xalq qehreman axtarirsa, demeli o xalq bir ola bilmir, bir ola bilmeyen xalq ise heqiqeten bedbextdir.

    1. qəribədir ki, sən də məni anlamamısan. mən sözü ilk eşidəndə başa düşmüşdüm ki, müəllif xalqı bədbəxt heab edir. mənə həmin fikri əsaslandırmaq lazım idi 😛

Leave a comment